İstidə 700 bal toplayanlar və alimlər

10 il öncə 700 bal toplayan tək-tük abituriyent olardı. Ümumiyyətcə 650 balı daha az şəxs keçərdi. İndi bu proporsiyada müəyyən artım var. Amma bu yazıda qətiyyən bu balı toplayanlar haqqında yazmaq fikrim yoxdur. Demək istədiyim isti havada imtahanın keçirilmə praktikası və alimlərimizin bu məsələ daxil bir çox aktual məsələlər üzrə fikir sahibi olmamaları ilə bağlıdır.

Bu yaxınlarda İngiltərədə alimlər istilərdə imtahan nəticələrinin daha az olmasını fikrini irəli sürmüşdülər. İsti havalar performansa mənfi təsir edir. Bizdə də qəbul imtahanları yayın cırcırama vaxtında keçirilir. İndi yaxşıdır ki, ali məktəblərə qəbul imtahanları 2 dəfə keçirilir və biri yaza düşür. Həm də bir neçə ildir regionlarda da imtahanlar keçirilir. Amma elə şəhər və rayon var ki, eyni gündə digər rayon ilə 10 dərəcəyə qədər temperatur fərqi olar. Məsələn, eyni gündə imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba  şəhər və rayonlarında keçirilərsə, Quba ilə Şirvandakı hava eyni ola bilərmi? Həm də görəsən iyulun ortasında imtahan keçirilən bütün binalarda kondisioner varmı. Hamısının şəraiti eynidirmi? Əlbəttə ki, yox. Əgər bal toplamaq 80 % hazırlıqdan, bilikdən asılıdırsa, imtahan şəraiti də azı 20 % nəticəyə təsir edə bilər. Qoy alimlərimiz bunu araşdırsın. Həm də araşdırsınlar ki, niyə hər 2 nəfərdən biri keçid balını keçə bilmir?

Burada bir sual çıxır. Şəklini şokolad qutularından tanıdığımız bir insan görəsən nə vacib bir mövzunu araşdırdı ki, alim oldu.

Mənə şəxsən tələbə qəbulunda növbəti istiqamətlər üzrə milli araşdırmalar çox maraqlı olardı:

1) 200 bal toplaya bilməyənlərin profili
2) 18 yaşında orta məktəbi bitirənlərin nəticələri
3) 35 dərəcədən yuxarı temperaturda imtahan verənlərin nəticələri
4) 500 balı keçən 500 tələbinin ortaq cəhəti
5) 10-11-ci sinifi pul verib məktəbə getməyənlərin nəticəsi
6) Ancaq pullu və ya pulsuz ixtisas yazanların profili
7) 700 bal toplayanların imtahan verdiyi şəraitlər

Bir-iki nəfərin uğur hekayəsini xəbər saytlarında paylaşmaqla və təhsil prosesinin nəticəsini elmi-araşdırmasız təhlil etməklə minimum bal toplayanların proporsiyasını azalda bilməyəcəyik.

Əvəzində 2 km adı olub mahiyyəti isə 2 metr olan mövzular indi daha vacib bilinir. Əlbəttə, alim olub ortaya müasir dövrün reallıqlarına uyğun heç bir ciddi nəzəriyyə, tətbiqi real olan fikir ortaya qoya bilməyənlər təmtəraqlı müdafiələrində gərək könüllü etiraf edib bu ada layiq olmadıqlarını bildirsinlər. Bəlkə elə bu səmimiyyətlərinə görə xalq onlara daha çox hörmət edər.

İstilərdən söz düşmüşkən şəxsən mən özüm istiyə çox davamlı olsam da, bu günlər maksimum kondisionerdən çox istifadə edirəm. Çünki beyin 23-24 dərəcədə daha soyuq və sakit düşünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç