Buta Airways ilə uçanda bunları nəzərə alın

Təxminən 2 həftə öncə Buta Airways ilə ilk uçuşu etmək imkanı oldu. Yəqin ki, bir çoxlarınıza bu artıq qismət olubdur. Düşündüm ki, haqq-hesab və məsləhət xarakterli bəzi maraqlı məqamları sizinlə paylaşım. Sonda da Butaya 1-2 kəlmə sözüm olacaq.

Başlayaq haqq-hesabdan – Bakı-Tbilisi-Bakı reysi üzrə 120 AZN ilə əl baqajı olmadan belə bilet aldım. Avro bu günlər oynadığından ən ucuz tarifə olan bilet 115-125 manat arasında oynaya bilər. 2 nəfərlik bilet alsam da gediş-dönüşdə hər birimizə fərqli yerlər verdi. 3 avro da gərək əlavə ödəyəsən ki, səyahət etdiyin şəxslə yanbayan otura biləsən. Bunun fəsadları haqqında necə deyərlər az sonra. Əgər öncədən onlayn qeydiyyat yadınızdan çıxsa və olduğunuz aeroportda Buta Airways özünəxidmət kiosku olmasa, gərək qeydiyyatda adambaşı 3 avro da verəsiniz. Qeydiyyat 24 saat öncə başlayır deyə prinsipcə bunu etmək çətin deyil. Amma əgər yadınızdan çıxsa yaxşı olar ki, aeroportda WiFi tapıb rahat qeydiyyatdan keçəsiniz və qeydiyyat masasından gəlib sadəcə minik talonunu götürəsiniz. Təbii ki, əgər baqajsızsınızsa. Müqayisə üçün deyim ki, avtobusla müqayisədə bu qiymət 5 dəfə bahadır.

Əl baqajım yox idi dedim – Əslində var idi. Orta tutumlu kompüter çantası, hansı ki içinə papaq, şarf, dəftər, kağız, qələm və uzun siyahı olacaq bir neçə əşya qoymuşdum. Ancaq parfumeriya və şəxsi gigiyena üçün heç nə yox idi. Nə Bakıda, nə də Tbilisidə çantada nə aparmağımla heç kim maraqlanmadı. Bakıda kioskdan minik talonunu özüm çıxartmışdım deyə heç çantaya birka belə vurulmadı. Halbuki 2 gün öncə eyni çanta ilə Gəncədə AZAL-ın təyyarəsinə minməmişdən öncə kompüteri sadəcə çantadan çıxartdırmaqla kifayətlənmədilər, qapağını açdırdılar və məni ‘power’ düyməsini basmağa məcbur edib onun bir neçə saniyəyə yanmağını da gözlətdilər. Demək ki, 1-2 günlük harasa səfəriniz varsa, əl baqajı götürüb ona da əlavə pul verməyə dəyməz. Onsuzda şirkətin saytında pulsuz nələri götürə bilərsiniz, onların tam siyahısı var. Ancaq dediyim kimi siyahıda spesifik adları olmayan bəzi əşyalarınızı da bu çantaya yerləşdirməkdə gərək fərasətli olasınız.

Qolundan-qanadından yeyərsən – 15-ə yaxın fərqli aviaşirkətin uçuşlarında olmuşam. Deyim ki, Qatar Airways belə superdi? Yox, robot kimi personalı var. Deyim Aeroflot pisdir, yox normaldır. Əlbəttə ki, uzaq məsafələrdə bu çox prinsipial ola bilər. Ancaq 2-3 saatlıq yol üçün böyük komfort axtarmaq, ya restoran kimi yeyib-içmək gözləmək yersizdir. Xüsusən də bu sənin xərclərində qənaətə imkan verirsə. Buta Airways sizə hətta 1 saatlıq yol üçün sendiviç verir. Dadlı deyil əlbəttə. Üstəlik çay, kofe, şirniyyatlar və digər içkilər də ödənişli menyu ilə təqdim edilir. Belə təcrübə ilə bir neçə il öncə Pegasus-da rastlaşmışdım. AZAL ilə İstanbula Sabiha Gökçana komfortlu uçandan sonra eyni biletin davamı olaraq Pegasus ilə Antalyaya uçanda pullu menyunun mənim biletimə də aid olduğunu bilib çaşmışdım. Hər halda bu bileti mənə AZAL satmışdı. Məncə Buta Airways ən ucuz bileti gediş-dönüş üçün azı 120 manat olan xidmət üçün çay və kofenin pullu satılması məsələsini gərək yığışdırsın.

Bunlar hamısı öz yerində ancaq bir vacib məqam var ki, düşünürəm ki, Buta Airways rəhbərliyi bunun haqqında gərək ciddi düşünsün. Demək Bakı – Tbilisi reysində mən qeydiyyatdan keçəndə yer seçimi üçün 3 avro verib qardaşımla yanyana oturdum. Ancaq təyyarədə boş yerlər çox idi və fikirləşdim ki, gələndə bunun üçün pul ödəməyim. Harada 2 nəfərlik yer olar, yanyana oturarıq. Çünki bir yerdə alınan bilet sahiblərini təyyarənin müxtəlif yerlərinə salmaq məntiqi mənə çatmır. Ancaq Tbilisi – Bakı reysində xeyli gürcü gəlib Bakıdan Nyu-Yorka uçacaqdı deyə, bütün yerlər doldu. Elə hər şeydə bundan sonra başladı. Çox gözəl görkəmli təyyarə bələdçisi müştəri xidmətləri, sərnişinlərlə nəzakətli davranış etikasını tam unudub az qala bütün sərnişinlərlə davaya çıxdı. Prinsipcə hamı rahatca yer tapıb oturmuşdu. Hətta sərnişinlər özləri bir-birilərini yola verib öz aralarında yerlərini razılaşdırmışdılar ki, öz dostu-tanışı, ailə üzvləri ilə bir yerdə cüt-cüt otursunlar. Ancaq bu əməkdaş gəzib bir-bir hamının minik kartına baxarıq kobudcasına sərnişinləri yerdəyişmələr etməyə məcbur edirdi. Hətta bir mədəni müştərinin sizdən şikayət edəcəm deməyinə belə mahiyyət vermədi. Biz görmüşük ki, təyyarədə uçuşdan öncə təyyarə bələdçiləri nəzakətlə insanları stressiz uçuşa hazırlayırlar, amma deyəsən Buta Airways personalına Parni iz Bakunun büdcə hava yolları ilə bağlı səhnəciyini təlim kimi göstəriblər.

Təyyarədə biznes klassa, ön yerlərə daha çox ödəniş ilə bilet satılması məntiqini az-çox başa düşmək olar, amma ailəlikcə səyahət edən, yaxud da bir yerdə alınan bilet sahiblərinin bir yerdə oturması üçün gediş-dönüşə əlavə 6 avro da xərclətdirmək heç düz yanaşma deyil. Biz əksinə Buta Airways-dən səbrsizliklə daha ucuz biletlər, daha fərqli coğrafiyalara reyslər gözləyirik və çox istəyirik ki, inkişaf bu istiqamətdə olsun, nəinki rayon avtobusları səviyyəsində.

İndi bu şərtlərlə uçmağa hazırsınızsa, sonda bu məqamı da unutmayın. Buta Airways ilə uçuşlar köhnə terminalın şimal tərəfindəndir. Taksini ora sifariş edin. Bakıya qayıdarkən isə gəliş yeni terminaladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç