Süz, doyunca süz! Deyirsən səninlə 1 bakalın söhbətini edəcəyəm?

Bu günlərdə Bakıda, 28 Mall-da Burger King fəaliyyətə başladı. Sözün açığı bu brendin sadəcə darçın və almalı dondurmasını xoşlayıram, onu da menyularında görə bilmədim. Amma çox maraqlı bir məqamı sizlərlə bölüşmək istəyirəm. Demək onlar indiyə qədər Bakıdakı beynəlxalq rəqiblərinin etmədiyi bir ilki ediblər. İçkiyə bir dəfə pul verirsən, sonra 2 saat ərzində gəlib istədiyin qədər özün süzüb içirsən. Faktiki 2 manatdan da az olan qiymətə olan içkinin qabı onsuz da əməlli tutumludur. İstərdim ki, bu maraqlı konsepsiya üzərində tədqiqat və müşahidə üçün 5 məsələni sizlərlə bölüşüm:

1) Utancaqlıq – Qoy birinci başqası etsin. 3-4 gənc insan olanda güman ki, aralarından 1 nəfər bunu mütləq edəcək. Dəstə də onlara qoşulacaq. Yaşa görə, cinsə görə, müəyyən edilə bilən digər demoqrafik faktorlara görə geri dönüşlərin necə olduğunu müşahidə etmək maraqlı olar. Halalca haqqı kimi 2-ci, 3-cü içkini neçə insan gedib mərd-mərdanə özünə süzəcək?

2) Etibar və dürüstlük – Rəqiblərinin adını çəkmiyəcəm, amma bir dəfə qamburqerin yanında Cola yerinə səhvən Sprite demişdim, süzmüşdülər deyə onu dəyişmədilər. Yəni mahiyyəti bir şey olmayan məsələ indiyə qədər yadımdadır. Bir insan içsin uzağı 1 litr. Uzağı ha. Həm də yəqin ki, insanlar evdən özləri ilə stəkan gətirib pulsuz içki məsələsini ehsan kimi qəbul etməyəcəklər. Yaxşıdır ki, onlar xalqımıza, insanlara inanırlar. Buna böyük alqış düşür. İstənilən halda süi-istifadə hallarını müşahidə etmək də maraqlıdır.

3) Fərqli dadlar və 1-ci bakaldan sonra yada düşən dieta – Bunun özü də bir araşdırma mövzusudur. Birinci dəfə Cola süzən ikinci dəfə eyni seçimi edir, yoxsa məsələn Zero Cola seçir? Xüsusən də faktiki 2-ci, 3-cü və 100-cü pulsuzdursa.

4) Artan satış – Sözün açığı mən özüm cəmi 1 dəfə belə üstünlükdən istifadə etmişəm. İsti yay günündə Türkiyədə 2-ci dəfə gedib bakalımı doldurmuşdum. Yəqin ki, burada psixoloji məqamlar çoxdur. Xüsusən də alış-veriş mərkəzlərinin qaynayıb-qarışan yemək meydanlarında yenidən satışa bir neçə santimetr məsafədə olursansa, yeni nə isə sifariş etmək ehtimalı çoxdur. Bunu da araşdırmaq olar ki, yaxınlaşan nə qədər insan ikinci alışı edir?

5) Tənbəllik – Bəlkə də kimlərsə yerində oturub durub yenidən özünə bir stəkan su tökməyə tənbəllik edəcək. Bunları da müşahidə etmək olarmı? Yoxsa bu qarnı və gözütoxluqdur? Yaxud da ağzının dadını dəyişmək üçün 1 stəkan kifayətdir? Ola bilsin ki, heç bundan həmin şəxslərin məlumatı yoxdur?

Əlbəttə ki, bu təcrübələr isti hava günlərində başqa nəticələri verə bilər. Bəlkə də zaman-zaman bu trendlər dəyişə bilər. Ancaq ‘biz belə millətik, elə millətik filan’ deməmişdən qabaq gərək müxtəlif tədqiqatlar edəsən. İstənilən halda bu çox yaxşı təşəbbüsdür. Yəqin ki, Burger King özündə hansısa təhlilləri edəcək və bu konsepti daimi edəcək.

2 thoughts on “Süz, doyunca süz! Deyirsən səninlə 1 bakalın söhbətini edəcəyəm?

  • Yanvar 22, 2018 at 6:21 axşam
    Permalink

    Birincisi əgər insanlar bu kompaniyanı əsas tutaraq ora gedəcəklərsə bu fürsətdən istifadə edəcəklər. İkincisi dünyada olsa da ölkəmizdə müştəri loyallığı yoxdur. Məsələn , dünyada Coca Cola və Pepsi məhsullarını insanlar fəqləndirirsə və onlardan yalnız birini həmişəlik seçirsə bu belə də davam edir. Ama Azərbaycanda müşahidə etdiyim məqamlardan biri də tam bunun əksinin olmasıdır. Məsələn, Gəlir fanta istəyir (Coca Cola məhsulu) deyirsən bizdə yalnız Pepsi məhsullarıdır və Mirinda var deyir fərqi nədir ver. Budur. Eləcə də Mcdonald’s və ya Burger king müştəriləri müvəqqəti olaraq deyil daimi bir fərqli cəhətlə qarşılamasalar və ya. Fərqlərini ortaya qoymasalar azərbaycanlı müştəri bu xarakterli hərəkət edəcək: Tutaq ki , Burger Kingdədir və hal-hazırki limitsiz içki xidmətindən yararlanır . Elə bu anda Facebook’da Mcdonald’sın bir kompaniyası çıxır qarşısına , ona daha yüksək qiymət verir və növbəti səfərini ora edir. Bu o deməkdir ki, loyallıq yoxdur.
    Əslində xarici şirkətlərin (brendlərin) ölkəmizdə bu formada rəqabətini analiz etməkdənsə mən istərdim ki , gələcəkdə biz öz brendlərimizin fərqli strategiyalarını görək və müzakirə edək. Oxusanız diqqətinizə görə təşəkkür edirəm , oxumasanız da canınız sağ olsun. 🙂

    Reply
    • Profile photo of ilhamaliyusif2014
      Fevral 5, 2018 at 7:09 axşam
      Permalink

      Fikirləriniz üçün təşəkkürlər! Çox gec tanış olduğum üçün üzr istəyirəm. Əlbəttə ki, dediklərinizlə razıyam. Biz ara-sıra öz milli brend və şirkətlərimizi də müzakirə edirik. Amma yenə də iradınızı daha çox nəzərə almağa çalışacağam 🙂

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç