Sənə 5 dəqiqə qabaq e-mail yazmışdım, niyə cavab yazmadın?

Texnologiyanın dayanmadan inkişafı, sosial medianın son 4-5 il ərzində brendlərlə, şirkətlərlə insanlar arasında ünsiyyəti sürətləndirilməsinin əslində bir çox xeyirləri olduğu kimi ziyanları da var. Məsələn, indi kimsə sənə nə isə yazanda çox qısa zaman ərzində səndən cavab və hərəkət gözləyir. Bu da biznes etikanın vacib elementi olan e-mail və ümumilikdə elektron yazışmalarda yeni nəsilin eyiblərindən biridir. Əlbəttə ki, e-mail və hər hansı bir mesaja sürətli cavab verməkdən gözəl heç nə yoxdur. Xüsusən də indi mesajlar, yazışmalar zəngləri əvəz edir. Harasa zəng etmirsən, sürətli cavab əldə etməyə çalışırsan. Hətta Facebook da səhifələrdə mesajların cavablandırılması müddətini qeyd edir ki, izləyicilər, müştərilər bu brendin nə dərəcə cavab verməyə meylli olduğunu müəyyən edə bilsin.

Deyim ki bu eyib gənclərlə yanaşı, hətta bəzən yaşı 30-u keçənlərdə də var. İşinin gur vaxtında bir də görürsən sənə e-mail və ya mesaj gəlir. Üstündən 5 dəqiqə keçməmiş görürsən həmin şəxs yenə yazır, başqa proqramlar vasitəsilə sənə xatırladır və eyham vurur ki, aldın mesajı, e-maili? Səndən də çox tez cavab gözləyir. Əslində elə cavablar var ki, onlar hansısa fəaliyyət istəyir, yaxud da sizin yazışdığınız insan bütün günü gözləmir ki, siz yazasınız və dərhal sizə cavab versin. Qeyd edim ki, bu yazdıqlarım rutin gündəlik yazışmalara və dostlarınızla, yaxınlarınızda ünsiyyətə aid deyil.

Bu günlərdə yayımladığım videoda telefonsuz günlərdən danışmışdım. Həqiqətən 24 saat telefona baxmadığım günlər oldu ötən ayın sonu. İnsan məcbur deyil ki, özünü Call Center edib 24 saat işləsin. Dərhal cavab verim, xətrinə dəyər. Bəlkə vacib nə isə deyir və s. Bu cür fikirlərlə düşünüb prioritetlərinizdən uzaqlaşmayın. Vacibdir ki, özünüzə qaydalar qoyasınız və qoy ətrafınızdakılar da bunu hiss etsin. Məsələn, mən axşam 12-dən sonra demək olar ki, heç bir mesaja cavab yazmıram.

Bu çox deyilsə də bir məsələni də qeyd edim ki, əgər siz kiməsə vacib nə isə yazırsınızsa, ‘salam, necəsən’ yazıb gözləməyin ki cavab yazanda nə demək istədiyiniz yazasınız. Məktub, mesaj etikasında bütün fikri bir dəfə yazıb elə birdəfəlik də göndərmək məsələsi var. Müasir dövr deyib belə gözəl etikadan imtina etməyin.

Nə gizlədim, hətta bəzən hər hansı bir fəaliyyət tələb edən e-mailə belə çox qısa zamanda cavab yazmaqdan zövq alıram. Vaxtın İdarəedilməsində də dərhal et mexanizmi çox gözəl işləyir. Sadəcə baxır hansı məqamlarda. Bu yazımı da özümə də, sizlərə də tövsiyyə kimi yazdım ki, başqalarının vaxtına hörmətlə yanaşaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç