Şəxsi hekayələri danışmaq sizi digərlərindən necə fərqləndirir?

Bu günlərdə işdə Azərbaycanın qərb rayonlarında yaşayan gənclərin İngilis dilində Novruz bayramı haqqında yazdıqları bir neçə inşanı oxuyurdum. Bu şəxslər BP təşkilatının British Council ilə birgə icmalarda İngilis dili bacarıqlarını artırılması məqsədilə ilə keçirdikləri uzunmüddətli təlimin iştirakçılarıdırlar. Sözüm onda deyil. Başlıqdan da göründüyü kimi bu yazıda hekayə danışmaqdan vacib bildiyim bəzi fikirlərimi sizinlə paylaşacağam.

İstənilən bir təqdimatı, yazılan inşanı, esseni, müsahibədə bölüşülən təcrübəni gözəl tərtib edilmiş şəxsi hekayə ilə birgə təqdim etdikdə sizə uğurlu nəticəyə çox yaxınlaşırsınız. Hələ mən dostlarla, yeni tanış olduğunuz şəxslərlə ünsiyyətdə öz hekayənizi bölüşməyi demirəm. İstənilən halda bizlərin çoxlu hekayələrimiz var ki, onları yerində istifadə etdikdə söhbətimizi daha maraqlı etmiş oluruq.

Təsəvvür edin ki, bütün inşaları oxuyursan və orada hamı Novruzun simvollarından, 4 çərşənbədən, Zərdüştlükdən danışır. Qəfil yazanların arasından 2-3 nəfər çıxır ki, onlar çox fərqlənir. Necə? Yazırlar ki, bəli bu bayram gözəldir, çərşənbələri var. Amma bu bayramın mənim üçün çox özəl məqamları var. Belə ki, bir dəfə mənim 5 yaşım olanda bayram günü bu baş vermişdi. İllər keçdi və mən bir dəfə tonqalın yanında dayananda, o məqamı xatırladım. Ancaq bunu həmin an yanımda olan şəxs ilə bölüşə bilmədim. Hələ digər biri Novruza hazırlıqdan yazarkən öz nənə və babasını yad edir və təəssüf edir ki, indi babasının səhhəti onlar üçün əvvəllər olduğu kimi saz ifa etməyə imkan vermir. Bu inşalar çox şəxsi olduqlarından mən onların detallarını sizlərlə təəssüf ki, bölüşə bilmirəm. Həm də yazılar bu məqsədlə də yazılmayıblar. Sadəcə bəzi məqamları toxunuram ki, nə demək istədiyim daha aydın olsun.

Şəxsi hekayələrin dediyimiz kimi yerində işlənilməsi çox vacibdir. Həm də danışılan bu hekayə sadəcə mövzuya aid olmağı ilə yekunlaşmamalıdır. O həm də hansısa bir pozitiv mesajı paylaşmalıdır. Neqativ nəticə də ola bilər. Tutaq ki, siz konfransda çıxış edirsiniz və insanlara yeni iş yerində davranışdan danışırsınız və ilk iş yerində başınıza gələn maraqlı məqamları bölüşüb bunu danışdığınız mövzuya uyğunlaşdırırsınız. Yaxud da, siz internetdən səmərəli istifadə etməklə bağlı seminar keçirsiniz və 3 yaşınızda oğlunuzun əlində telefon olan fotosunu slaydların birində qoyub, onun internet və telefon asılılığından və sizin bunu necə idarə etməyə çalışdığınızdan bəhs edirsiniz. İnsanlar şəxsi hekayələri çox sevirlər. Xüsusən də bir insan artıq ulduzlaşıbsa, onun şəxsi həyatı haqqında çox məqamları öyrənmək istəyirlər.

Digər  bir məqam inşa yazanların bəzilərinin bizim standart mətn kimi qəbul etdiyimiz inşalarda maraqlı foto və şəkillərdən istifadəsi idi. Düzdür, burada şəxsi fotolar deyildi. Amma çox yaxşı haldır ki, gənclərimiz işə belə yaradıcı yanaşırlar. Demək artıqdır ki, indiki dövrdə vizual məlumatlar, foto və videolar daha çox diqqət cəlb edirlər. Uzun mətnlərə elə çox fikir vermirlər. Bu həm də məlumatı daha yadda saxlayır.

Dostlar, həyatı elə yaşayın ki, danışmağa çoxlu hekayələriniz olsun. Onsuzda biz istəməsək də, həyatımızda neqativ məqamlar da olur. Əsas odur ki, bu hekayələrdən çıxardığımız nəticələri yeri düşəndə digərləri ilə bölüşək və ünsiyyətimizi, təqdimatımızı, yazılarımızı faydalı edək.

PS Şəxsi hekayələrdən söhbət düşmüşkən, bu postda istifadə edilən fotonun 10 yaşı var. Mən əslində heç vaxtı gözümün zəif görməsinə görə eynək taxmamışam. Amma arada dostların eynəklərini alıb taxardım. Hətta bir dəfə universitetdə zaçot vaxtı müəllimin gözündə ‘ağıllı uşaq’ kimi görünmək üçün uşaqların birinin eynəyini alıb taxmışdım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç