Həyatımın tam yarısını mənimlə olan 15 yaşlı e-mail ünvanım

 

Dünən Facebook-da xatirələr bölməsinə baxanda gördüm ki, 5 il əvvəl Yahoo e-mail ünvanımın 10 illiyini qeyd etmişəm. Facebook olmasaydı 15 illiyi tamam unutmuşdum. Belə baxanda adi görünsə də istərdim ki, bu postda qısaca bir tarixçəni, eləcə də e-mailin sonradan həyatda mənim uğurlarımda necə bir rol oynadığını sizinlə paylaşım. 15 il qabaq e-mail açmaq böyük bir uğur idi. İndi bu çox adi və demək olar ki, o qədər də populyar olmayan bir şeydir. İstər texnoloji, istərsə də digər məsələlər baxımından indi bizə çox çətin görünən o qədər şey var ki, 5-10 ilə onlar da çox əlçatan olacaq. İnanıram ki, bu yazıdan çıxardığınız nəticələr indi böyük cəhdlər tələb edən hər hansı bir işi etməyə sizi həvəsləndirəcək və bu addımınız sizin gələcək uğurlarınızda böyük rol oyanacaq.

Söz verdiyim kimi kiçik bir tarixçəni sizinlə paylaşmaq istəyirəm. 2001-ci ildə ilk dəfə internetlə tanışlığım oldu. SOROS fondunun maliyyə dəstəyi ilə o vaxtki Mingəçevir Politexnik Universitetinin nəzdində Açıq Cəmiyyət İnstitutu fəaliyyət göstərirdi. Adında və ya detallarda balaca səhv edə bilərəm. Qardaşımla ora getdik və 1 saat internetə qoşulmaq imkanı oldu. O zaman mənim 14 yaşım var idi. Sonradan tək gedəndə yaşımın çatmadığını bəhanə etdilər. Ancaq inadkarlıq edib bir neçə ay sonra adımı həftədə bir dəfə 1 saatlıq internet imkanı verən bu məkana sala bildim. Hardasa otaqda 10-12 kompüter olardı. Ən yaxşı halda həftədə 1 saat yazılmaq imkanı olurdu. Əgər cədvəldə boş vaxt olurdusa, həftəyə 2 dəfə də getmək olurdu. Ancaq bundan əvvəl mən artıq internet klublarda internetə qoşulmaq üçün həftəyə 500-1000 manat xərcləyirdim. İnternetin saatı 3000 manat idi və 1 saatlıq pulsuz internet kifayət qədər böyük imkan idi. Beləliklə, 2002-ci il 16 yanvar tarixində mən də oldum Sorusçu 🙂 Bizə ilkin olaraq Yahoo e-mail açmağı öyrətdilər. ilham.yusifov loqinin artıq tutulmağından çox məyus oldum və təəccübləndim və əvəzində ilham_yusifov loqinin seçə bildim. Deyə bilərsiniz işim-gücüm yoxdur, bu tarixi niyə və necə yadımda saxlamışam? O vaxta qədər artıq mail.ru və box.az-da e-maillərim var idi və parollarım onların açıldığı günlərin tərsinə versiyası idi. 201061 məhz Yahoo-da ilk parolum idi. Uzun illər bu parol qaldı. Dəqiq yadımda deyil o zamanlar bu e-maili nə üçün daha çox istifadə edirdim, ancaq yadıma düşən bəzi məqamlar sizlərlə paylaşmaq istərdim.

Horizontları genişləndirmək – İnternetə yenicə qoşulduğum vaxtlardan paralel olaraq radiolara da qulaq asmağa başlamışdım. O vaxtı Mingəçevirdə erməni və gürcü radioları FM-də at oynadırdı. Sadəcə Radio Lider 107 FM keyfiyyətli yayımlanırdı. Və mən tualetin baçokunun dəmirindən, evdə tapdığım misdən, alüminumlardan antenna düzəldib çox zəif yayımı olan ANS ÇM-ə qulaq asırdım. Ancaq başa düşürdüm ki, feedback və ünsiyyət lazımdır. Məsələn, mahnı sifariş etmək, salam və təbrik göndərmək lazımdır. Bunu da asanlıqla e-mail ilə edə bilirdim. Sonradan mən hətta ANS-ə dəvət olundum və Dj Fateh ilə birgə 2 dəfə ‘Qızıl Onluq’ verilişində aparıcı da oldum. Bu kiçik addım sonradan mənim özüməinamımı xeyli artırdı. Yəni indi bunu sözdə demək asandır ki, inamı artırdı. Amma həqiqətdə ətrafındakı insanlardan fərqlənib özün istədiyin bir şeyi etmək və nail olmaq əlbəttə ki, sonrakı uğurlarda böyük rol oynayır.

Yeniliklər etmək – 2002 və 2003-cü illərdə məktəbdə qarşıma kim çıxırdı həmin günü Çempionlar Liqasının oyunları haqqında sorğu keçirirdim. Bəs kim udacaq, filan. Sonradan bunları hesabat halına salıb ANS-ə, daha dəqiq Rahib Azəriyə təqdim edirdim və sonradan Doktor Ziya və digər aparıcılar da oyunu şərh edəndə bəs ANS ÇM radiosu ilə yanaşı Mingəçevirdə də sorğu keçirildiyini o boyda televizordan qeyd edirdilər. Marketinq araşdırmalarına deyəsən o zamanlarda başlamışam. Bundan sonra isə artıq digər rayonlarda da analoji sorğular edib ANS-ə göndərirdilər. O vaxtı şəhərlərarası telefonla radioya düşmək müşkül məsələ idi. Ən yaxşı halda sms göndərmək olardı. Təbii ki, mənim mobil telefonum yox idi. Məhz e-mail mənim dadıma çatırdı. Sonradan mən jurnalist olmadım. Ancaq bu xırda epizodları xatırladıqca başa düşürəm ki, insan özü də başa düşmədən etdiyi xırda hərəkətləri ilə özü öz gələcəyini qurur. Sənin vaxtilə görüb zövq aldığın işdə hər hansı bir nəticə olanda sən gələcəkdə bu cür işləri görməyə çox həvəsli olursan. İndi marketinq sahəsində mənim ən çox zövq aldığım iş sorğular və onların nəticəsini təhlil etməkdir ki, bu da marketinq araşdırmalarında necə vacibdir çox gözəl bilirik.

Ünsiyyətdə qalmaq – E-mail arxivimdə ancaq 2006-cı ilə qədər gedib çıxa bildim. Öncəki arxivi bilərəkdən, ya da səhvən silmişəm. O zamanlar isə artıq Yahoo qrupların aktiv olan vaxtları idi. Yahoo qruplardan həvəslənib 2006-cı ildə Azetourism adında bir qrup da mən yaratmışdım. İndi baxıram ki, o qrupa vaxtilə 500 nəfər qədər insan cəlb edə bilmişdik. Sonradan isə biz Azərbaycan Gənclər Turizm Klubunu qurmuşduq və 10 ildən artıqdır ki, bu qrupdan olan gənclər mənim ən yaxın dostlarımın arasındadırlar. E-mail mənə elektron ünsiyyəti öyrədə bildi. Həyatda çox danışan olsam da ilk vaxtlarda e-maildə söz tapıb yazmağa çətinlik çəkirdim. Ancaq zaman-zaman e-mail yazışmaların sayı artıqdıqca əl də, barmaq da fikirləri bura düzməyə öyrəşdi. Belə desək beyin e-mail yazmaq üçün də düşünməyə başladı.

Təlimatlandırmaq – Sonradan, 2003-cü ildə bizim məktəbdə internet otağı açıldı. Təbii ki, orada pulsuz internetdən istifadə etmək imkanı çox idi. Həm də ona görə ki, demək olar ki, ətrafımdakılardan internet və xüsusən də e-mail açmaq haqqında daha məlumatlı idim və beləcə mən ilk təlimlərimə başladım 🙂

Dediyim kimi indi 15-20 yaşında olan bir insan üçün burada yazılanlar çox sadə gələ bilər. Mənim o vaxtı heç bir qeyri-adi vizyonum yox idi. Sadəcə axına düşmüşdüm. E-mail indiki elektronlaşmanın yanında nədir ki?! Ancaq bildirmək istəyirəm ki, vaxt var idi bu böyük bir dönüş nöqtəsi idi. İndiki dövrün dönüş nöqtələrini tapın. Sadəcə sosial mediada çox vaxt keçirdib trendləri izləməklə kifayətlənməyin. Gələcək haqqında oxuyun və indidən ona doğru düzgün addım atın.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç