Yeni il gəlir! Korporativ hədiyyəniz yenədəmi fincandır?

1390

2016-cı ilin son günlərini yaşamaqdayıq və artıq geridə qoyduğumuz həftədən başlayaraq şirkətlər və təşkilatlar öz partnyorlarına, müştərilərinə, dostlarına Yeni İl hədiyyələrini göndərməyə başlayıblar. Elə bu gün bir məqalə oxuyurdum ki, PR sahəsində çalışanlar üçün uyğun olan hədiyyələr hansılardır, onları sıralamışdılar. Düşündüm ki, şirkətin PR-ı, imici və kommunikasiyası baxımından vacib olan bu məsələ haqqında bir neçə fikrimi sizlərlə paylaşım.

Hansı hədiyyələr daha məqsədəuyğundur?

Şam ağacı şarları? Sözün açığı bunu şirkətə göndərmək pis deyil. Amma şirkətdəki fərdi şəxslərə göndərirsinizsə, məncə yaxşı ideya deyil.

Şirniyyat? Adətən yeni ildə biz işə 3-4 şirkətdən tort hədiyyəsi alırıq. Novruz bayramında hətta çərəz səbəti göndərənlər də var. Bu da korporativ üçün yaxşı hədiyyədir. Amma ayın 30-u göndərsəz və şirkət balaca olsa onu yeyə bilən az adam tapılacaq.

Fincan? Bu ən asan yollardandır. Amma mənim heç xoşuma gəlmir də bu fincan. Xüsusən də əgər siz ardıcıl  olaraq 2-3 il eyni adamlara fincan göndərərsinizsə. Həm də adətən bu fincanlar çox da keyfiyyətli materialdan olmur.

Aksessuar? Brendləşmiş və lazımi olan aksessuar fərdi şəxslərə çox gözəl hədiyyədir. Yeni İl hədiyyəsi olmasa da Azərbaycan Gənclər Fondundan olan fləş kartı artıq 5 ilə yaxındır istifadə edirəm. Açarlıq, iş masası üçün gözəl süvenir fərdi hədiyyələr üçün çox uğurludur.

Alışqan, vizitka qabı, parker qələmi və ya xüsusi dəyərli hədiyyələr? Əlbəttə ki, bunlar adətən çox fərdiləşmiş hədiyyələr olurlar. Xüsusən də alışqan. Biz bu yazıda daha çox ümumi korporativ hədiyyələrdən danışırıq və vizitka qapı müəyyən qədər buna uyğun gəlir. Ancaq indi aktual bir hədiyyə deyil. Xüsusən də əgər brendləşmiş, yəni sizin loqo ilə olan vizitka qabıdırsa, yüksək pilləli menecerin onun içində öz vizitkalarını gəzdirməsi real görünmür.

Şokolad, spirtli içki? Belçika şokoladı ilə bahalı konyak da çox fərdiləşmiş qaydada göndərilən hədiyyələrdəndir. Ancaq şampan içkisini korporativ hədiyyə kimi göndərən şirkətlər var. Azərbaycan üçün bu geniş yayılan hədiyyə tipi deyil.

Kalendar, bloknot? Üstündə bir qələm də ola bilər. Bu da ən çox yayılmış hədiyyələrdəndir. Ancaq siz bunu kifayət qədər vəzifəli şəxsə göndərərsinizsə inanmaq çətindir ki, o üzərində sizin loqo olan bloknotu özü ilə görüşlərə aparacaq. Kalendarı ən yaxşı halda iş masasına qoyacaq. Bunun üçün isə çox yaxşı konseptli bir kalendar hazırlamağınız yerinə düşərdi.  İdeyaları artıq özünüz fikirləşin. Hər ayda bankın bir filialının şəkli olan kalendarı şəxsən mən masamın üzərinə qoymaram.

Kitab? Biznes sahəsində olanlar üçün kitab pis hədiyyə deyil. Ancaq kiməsə ‘Yaxşı necə menecer olmaq olar?’ adlı kitabı hədiyyə edirsinizsə, bu aydındır ki, yaxşı qarşılanmayacaq. Hansısa yeni çox tövsiyyə olunan kitabı göndərmək yaxşı olar.

Güzəşt? Sizi yeni il münasibətilə təbrik edir və öz xidmətlərimizə və mallarımıza növbəti il üçün sizə eksklüziv 20 % güzəşt kuponunu təqdim edirik olan bir kart qıcıq yarada bilər. Hələ siz hansısa kampaniyanız ilə bağlı məlumat göndərib üstündə ta yeni il ərəfəsidir, bu arada bayramınız da mübarək yazırsınızsa, sizə mənim daha sözüm yoxdur.

Korporativ tədbirə dəvət? Bunu adətən otellərlər və ya üzvlük əsasında işləyən təşkilatlar edir. İlin yekunları üçün yaxşı bir formatdır. Həm netvorkinq imkanları yaradır, həm də korporativ tədbir keçirməyən şirkətlərin əməkdaşları üçün yaxşı əyləncədir.

Sadəcə kart göndərmək düzgündürmü? 

Etik olaraq hədiyyənin və diqqətin dəyərini ölçmək düzgün deyil. Xüsusən də korporativ mühitdə. Ona görə də sadə kartla belə təbrik etmək özü gözəl addımdır. Həm də ümumi götürəndə düzgün addımdır. Çünki şirkətlər qarşı tərəfdən bahalı hədiyyə gələndə özünü gözü kölgəli hiss edə bilər. Məsələn, biz işdə müəyyən dəyərdən artıq hədiyyələri qəbul etmirik. Həmçinin fərdi işçilərə gələn hədiyyələr belə ortaya qoyulur və sonradan onlar püşk ilə oynalınır. Yadımdadır, Azercell bir neçə il öncə çox sadə hədiyyələr göndərib, kartda da yazmışdı ki, bahalı hədiyyələr üçün pulu uşaq evlərinə xeyriyyəyə sərf etdik. Standard Sığorta isə ötən il səhv etmirəmsə təbii ağac göndərmişdi ki, onu bayramdan sonra şirkətlər əksinlər. Yəni çox aktual sosial mesaj.

Bəlkə elə e-mail ilə yazım?

Yerli şirkətlərə e-mail yazıb quru təbrik etmək və bunu da 30 dekabr axşam 5-ə saxlamaq uğursuz fikirdir. Ola bilər gözəl bir video təbrik hazırlamısız, bax onu paylaşmaq pis olmaz. Amma e-mail ilə xarici partnyorları təbrik etmək daha yaxşıdır. Yerli dostlarınız üçün isə aşağı  büdcə ilə kartlar göndərmək daha diqqətli olduğunuzu göstərəcək. Yuxarıda da yazdığım kimi hansısa bir kampaniyanız haqqında olan e-mailə təbriki yazıb atmaq da bir şey deyil. Bunu şəxsən mən məsləhət görməzdim. Bu daha çox B2C, yəni müştərilər ilə ünsiyyətdə çox effektiv ola bilər.

Böhrandır, qalsın gələn ilə

Gözlənilir ki, bu il korporativ hədiyyələrin sayı azalacaq. Aydındır ki, bəzi şirkətlər bağlanıb, çox xərclərə qənaət edir. Ancaq müştəri və partnyor ilə əlaqələrin təşkilində bir neçə yüz manatdan keçmək mütləqdir. Xüsusən də belə məqamlarda. Diqqət sizi də diqqətdə saxlayır. Bu həm də axı dəb və korporativ bir ünsiyyət qaydasıdır.

Siyahını çox uzatmaq olar. Bu prosesə onsuzda bəzi şirkətlər sentyabrdan, oktyabrdan başlayır. İndi brendləşmiş hansısa bir hədiyyəni hazırlamaq üçün onsuzda çox gecdir. Ancaq elə hədiyyələr var ki, onları hələ yaxın 2 həftə ərzində təqdim etməyə imkanınız var. Hamınıza bol-bol təbrik və hədiyyələr arzusu ilə 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç