Turizm sferasında karyera – Perspektivlər üzərindən 5 məsləhət

ilham ali yusifBilmirəm məlumatınız var, yoxsa yoxdu, amma mən həm bakalavr, həm də magistr təhsilimi turizm ixtisası üzrə almışam. Tələbə olduğum müddətlərdə qonaqpərvəlik sənayesinin müxtəlif sahələrində işləmişəm. Həmçinin o zaman təsis etdiyimiz Azərbaycan Gənclər Turizm Klubunun vasitəsilə Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif layihələrində də yaxından iştirak etmişəm. Amma bu nə az, nə çox düz 10 il bundan öncə olub. Sonradan isə mən öz peşəkar karyeramı təhsil sferasında qurmuşam. Qısası turizm sferası mənə həm yaxın, həm də doğma sahədir. İşimizin bir hissəsi də karyera və peşəkar inkişafla bağlı tövsiyyələr vermək olduğundan da son günlər turizmdə karyera ilə bağlı haqqında düşündüyüm bəzi məsələləri, daha dəqiq desək məsləhətləri sizinlə də paylaşmaq istərdim:

  1. Beynəlxalq düşünün – Bu mütləqdir. Uzun müddət bizdə insanlar hər hansı bir sahə haqqında düşünəndə bəs bunun bizdə perspektivi yoxdu deyirdilər. Amma təcrübə göstərdi ki, biz çox səhv düşünmüşük. Qlobal düşünmək lazımdır. Tək Azərbaycan üzrə deyil, özümüzü dünyanın hər bir yerində işləyə biləcək səviyyəyə qaldırmaq lazımdır. Hətta bələdçi, ofisiant kimi xaricdə işə başlasanız belə uğurlu olmaq şansınız çoxdur. Dediklərim ilkin olaraq ümumi gələ bilər, amma ətrafınızda yəqin ki, elə şəxslər var ki, onlar son 10 il ərzində Türkiyədə, Ərəb ölkələrində, Avropada və ya Amerikada turizm sənayesində işləməyə başlayıblar. Vacib deyil ki, onlar ömürlərinin axırlarına qədər bu ölkələrdə işləyəcəklər. Ancaq bu ölkələrdə turist axını çox olduğundan öyrənmək və real situasiyaları təcrübədən keçirtmək imkanı var. Bizə bu yay İraqdan günə 3 təyyarə gələndə, turizm ölkələrinə bir saata 30 turist təyyarəsi enir. Turizmin beynəlxalq perspektivi qlobal səviyyədə qeyri-adi heç nə olmasa hər il artacaq. Burada aviaşirkətlərin rolu böyükdür. Çünki onlar insanları səyahət etməyə şüuraltı çox həvəsləndirirlər. İndiki dövrün gəncləri də ev və maşın almağa tam həvəsli olmadığından gəlirlərini səyahət və əyləncəyə xərcləməyə daha çox meyllidirlər.
  2. İT biliklərinizi artırın – Excel və Word ilə iş bitmir. Bu gün dünyada ən perspektivli sahə İT-dir. Bu baxımdan mən turizmi top 5-likdə görürəm. Düzdür turizmdə xeyli peşələr var ki, 2-3 ilə onlara tələbat çox azalacaq. Bir halda ki aviabileti, otel bronunu internet üzərində almaq mümkündür, artıq ənənəvi operatorların sayı kütləvi azalır. Amma ümumi sənaye olaraq turizm sferasında işçilərə olan tələbat artacaq. Dünyada turistlərin sayı ölkələrdaxili belə sürətlə artır. Turizm sferasına yardım edən digər sahələr üzrə də xidmətlərin sayı artır. Belə bir mühitdə İT bilikləri sadəcə sizə istifadəçi kimi deyil, İT prosesləri başa düşüb yeni biznes modellər yaratmağa imkan verir. İT bilikləri həm də işinizi optimallaşdırmağa kömək edir və kiçik biznesinizi belə effektiv idarə edə bilirsiniz. Ən sadə CRM sistemi belə sonradan biznesinizi təhlil etməyə imkan verir. Məsələn, dostlarımız Turizm.Az şirkətinin konkret olaraq elektron viza ilə bağlı yaratdıqları layihə bizim dediklərimizə bir misaldır.
  3. Dil və yenə də dil – Ərəb İngilis dilini bilir. Amma onunla Ərəb dilində ünsiyyət qurmaq daha səmimi mühit yaradır və nəticədə onu daha çox xərcləməyə təşviq etmək olur. Amma vacib deyil ki, siz Ərəb dilini öyrəsiniz. Ən vacib turizm dili onsuz da İngilis dilidir. Turizm sferasında bələdçi olmasanız belə İngilis dilini mükəmməl bilməklə gəlirlərinizi artıra bilər və bu sahədə uğurlu biznes də qura bilərsiniz. Mən bir adam tanıyırdım, heç dil də bilmirdi amma turistlərdən qəşəng qazanırdı deyənlər həmişə olacaq. Amma turizmin təbliği zamanı həmişə məzmun çox vacib olub. Bu məzmunu yarada biləcək səviyyədə İngilis dilini bilməyiniz şərtdir, eləcə də biznesinizə aid digər xarici dilləri. Həmçinin, turizm sferasında bir sıra beynəlxalq tədris kvalifikasiyaları var ki, dil bilgiləri sizə yeni biliklər qazanmağa da imkan verəcək.
  4. Biznes təfəkkürünüzü artırın – Gələcəkdə hər bir sahədə çalışan şəxsə bu cür düşünmək çox fayda verəcək. Aribnb haqqında eşitməmiş olmazsınız. Orada siz öz evinizi belə turistlərə təqdim edə bilərsiniz. Onlayn platformada artıq ənənəvi bazar prinsipləri olmur. Sizin evdə qalanlar sonradan rəy yazır, sizi qiymətləndirir. 5 günlük dünya deyil. Orta statistikaya görə 60-70 il yaşayırıq. Biznes təfəkkürünüz, bilik və bacarıqlarınız elə olmalıdır ki, biznesinizi üzunömürlü edəsiniz və qlobal trendləri gərək hamıdan qabaq görəsiniz. Biznes təfəkkürü sizə həm də liderliyə can atdıracaq. Təsəvvür edin ki, siz hansısa aviakompaniyada təyyarə bələdçisi kimi işə düzəlirsiniz, əgər əminlik və ambisiyalarınız yoxdursa, o zaman 5-6 il eyni işi görəcək və sonradan da özünəinamı daha da itirəcəksiniz. Bu təfəkkürü formalaşdırmaq üçün tək biznes ədəbiyyatları deyil, işlədiyiniz mühit, dostlarınız, həyat tərziniz də böyük rol oynayır.
  5. Elə indidən iş axtarın – Biz yazılarımızda müxtəlif yaş kateqoriyalarında olan insanları hədəf seçirik. Bu yazımızda əsasən 17-25 yaşında olan şəxsləri hədəfə almışıq. Ancaq razılaşarsınız ki, elə bəndlər var ki, onlar çoxumuza aiddir. Niyə görə mən indidən iş axtarmağı tövsiyyə edirəm? Burada qeyri-adi nə var? Sırf təcrübədən. İnsanlara hər hansı bir sahədə tutaq ki, 5 məsləhət verirsən və deyir ki, gözlə ilk 4-ü üzrə mükəmməl olub başlayacağam CV hazırlayıb iş axtarmağa. Yaxud da elə insanlar var ki, 1-2 dosta iş olsa deyərsən deyib iş axtardığına özünü inandırır. Turizm sferasında dediyimiz kimi sahələr çoxdur. Bu sferada fikrimcə ən perspektivli sahələr onlaynlaşmış bizneslər, aviakompaniyalar, əyləncə mərkəzləridir. Otelçilik, bələdçilik, ənənəvi turizm şirkətləri, sığorta, transfer və nəqliyyat xidmətləri qeyri-adi gəlir və ya karyera imkanları təqdim etmir. Bu mənim fərziyyəm və proqnozumdur. Siz əgər indidən girib bu sfera üzrə Azərbaycan və ya xaricdə iş axtarsanız birincisi biləcəksiniz ki, turizm sferasında hansı iş imkanlar var və ən əsası bu işlər üçün hansı bilik və bacarıqlar lazımdır.

Şəxsən mən düşünürəm ki, turizm sferasında iş imkanları daha da artacaq. Nə qədər avtomatlaşdırma olsa da turizm elə bir sferadır ki, orada insani münasibət həmişə vacib olacaq. Ona görə də bu sferada oxuyanlar, hazırda işləyənlər maksimum yaradıcı olub öz karyeraları haqqında daha dərindən düşünsünlər.

4 thoughts on “Turizm sferasında karyera – Perspektivlər üzərindən 5 məsləhət

  • Noyabr 10, 2016 at 1:19 səhər
    Permalink

    Yazı üçün təşəkkürlər.şəxsən mənə faydalı olduğunu düşünürəm.Sadəcə 1 nüans otelçilik qeyri adi gəlir və ya karyera perspektivi vəd etmir yazmısız.Amma məncə əksinə elə ən çox turizmdə karyera qurma imkanı otelçilikdədir.

    Reply
    • Profile photo of ilhamaliyusif2014
      Noyabr 11, 2016 at 3:23 axşam
      Permalink

      Fikirləriniz üçün təşəkkürlər! Mənim fikrimcə ən çox otelçilikdə deyil, yəni müqayisəli əsasda demişəm. Həmçinin, gələcək üçün daha çox imkanlar baxımından qeyd etmişəm. Ümumilikdə isə xaricdə otelçilik böyük perspektiv versə də, Azərbaycanda imkanlar çox azdır uğurlu karyera üçün.

      Reply
      • Noyabr 12, 2016 at 2:42 səhər
        Permalink

        Düzdür Azərbaycanda elədir.təşəkkürlər yazı üçün bir də.turizmə aid yazılarınız çox olsa əla olar.

        Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç