İndiki ağlım olsaydı.. İndi ki var..

ilham ali yusif

Bu günlərdə dəyərli Rafiq Hunaltay öz bloqunda ‘İndiki Ağlım Olsaydı‘ deyib çoxumuzun həyatda etməli olduğumuz, amma etmədiyimiz bir çox vacib məqamı həvəslə paylaşmışdı. Axırda da bizi də dəvət etdi ki, ağılımızın o vaxt ağlına gəlməyən yaxşı şeylərdən yazaq. Elə 2 ay öncə gənclər üçün maraqlı təlim keçmək imkanım olmuşdu, ’10 il qabağa getsəydim nələri etməzdim’. Orada da qeyd etdiyim kimi bu barədə məsləhət vermək çox məsuliyyətlidir. Hərənin öz reallığı olur. Hətta bir neçə il qabaq indiki ağlım olsaydı belə reallıqlara görə çox da aşağı-yuxarı hərəkət imkanı olmaya bilərdi.

Beləliklə, bir neçə bənd üzrə öz həyatımda nələrdən narazıyam və ya bu səhvləri heç düşmənimə də arzulamıram silsiləsindən bəzi etiraflar:

1) Dəli olub çayı keçərdim – Mədənililik, utancaqlıq, nəbilim nələr nələr. Geri çönüb baxarkən bir sıra məqamlarda bu cür yanaşmanın məni necə geri saldığını görürəm. Mən qətiyyən kimisə mədəniyyətsiz olmağa çağırmıram. Heç bundan sonra da özüm mədəniyyətsiz olmaq istəmirəm. Amma bunu həyatımda bəzi məqamlarda aşırı yaşamam, haqqım olduğu bir çox şeyi belə soruşmamağıma, istəməməyimə gətirib çıxarıbdır. Bunu bir neçə dəfə qeyd etmişəm. Konkret olaraq bizim cəmiyyətdə üzüyola oldun, yollarda qalacan. Lazım gələndə dəli olmağı bacarmaq lazımdır. Bunu həm də fikirləşmək də bağlı deyərdim. Heyif ki, uşaqlıdan çox sevdiyim bir prinsipi tam yaşaya bilmirəm. Nəyi edib-etməmək haqqında saatlarla fikirləşənə qədər, həmin saatlara elə bu işi gör.

3) Daha da az yatardım – Bu hər mənada nəzərdə tutulur. İndi düzdür bu fiziki olaraq başa düşülə bilinər. Tələbə olarkən necə olurdusa, yalan olmasın 50 saat oyaq qalmaq mümkün olurdu. Denən adamın bir yuxusu gəlirdimi? Amma bundan daha çox, məcazi mənada yatmağı nəzərdə tuturam. Azərbaycan 10 il qabaqki kimi çətin ki bir daha olsun. İndi imkanlar yoxdur demirəm, indi də imkanlar az deyil. Bəzilərindən sadəcə indi çox uzaqlaşmışam. O vaxti isə onlara yaxın gedib, qabağa getmək imkanları daha çox idi. Qısası, gərək imkanları vaxtında görəsən. Fil qulağında yatmayasan. Birinci devalivasiyadan sonra başladıq ki, bəs gərək gözü açıq olub filan şeyi edərdim. Maraqlıdır ki, ikinci devalivasiyadan sonra da eyni zümzüməni edirdik.

3) Karyeram haqqında məktəbdən fikirləşdim – Əslində karyera yolumdan narazı deyiləm. Restorandan, oteldən başlayıb, QHT, sonra da 8 ilə yaxın təhsil sferasında çalışıram. İşlədiyim sahəni də çox sevirəm. Amma ki, yerimdən və məqamından narazılıq olmasın, öz performansımdan və mövqeyimdən çox narazıyam. Niyə məsələn, məktəbdə oxuyarkən səmimi qəlbdən cərrah olmaq haqqında fikirləşməmişəm və yaxud da niyə bankir olmağı beynimə yerləşdirməmişəm?Bu vizyonsuzluq məktəb sisteminin problemidir. Amma indi ətrafımda məktəbli olan istənilən qohum-qonşuya öz məsləhətlərimi verirəm ki, azdan-çoxdan faydalansınlar və ‘karyera haqqında institututu qurtaranda fikirləşərəm’ prinsipi ilə yaşamasınlar.

4) Şəxsi biznesə gərək çoxdan başlayardım – İndi olur ki, konsultasiyadan, hansısa bir intellektual zəhmətinin nəticəsi olaraq işindən əlavə pul qazanırsan, amma ki, tamştatlı işləyə-işləyə şəxsi biznes qurmaq o qədər də asan deyil. 26 yaşında ilk dəfə maşın sürməyi öyrəndim. Bu işin məsuliyyətindən dəli olurdum ki, gedib kiminsə maşınına dəyəcəm. Uşaq və yeniyetmədə bu qorxu o qədər də çox olmur. Yaşa dolduqca məsuliyyət adamın olan qalan potensialını da batırır. Məsələn, 20 yaşında insan gedib haranısa arenda götürüb ofisi daha rahat açar, ancaq yaş 30-u keçəndə, olursan məsuliyyətli kişi və ya qadın. Başlayırsan heç kimin ağlına gəlməyən ən xırda detalları fikirləşməyə. Axı sənin sahibkarlıq vərdişin yoxdu deyib özünü məhv edirsən və sən ən yaxşı halda banka 10 000 manat pulub qoyub, ilə 1000 manat depozit faizindən gəlib əldə edib özünü bəxtəvər sayan adam olursan.

5) Bloq yazmağa çoxdan başlayardım – Təsəvvür edin ki, 2007 və 2008-ci ilərdə neçə də bloq saytlarında qeydiyyatdan keçib, güya ki özüm haqqında 1-2 cümlə yazıb elə orada da bloqu yiyəsiz qoymuşam. Halbuki, elə tələbə olarkən konfranslar üçün yazdıqlarımız yazıları ayda bir dəfə olsaydı belə paylaşmaqla belə mütəmadi yazmağı 8 il qabaq başlamaq olardı. Daha bəsit yazılar yazmaqla, daha ümumi mövzular üzrə fikir bildirməklə bu vərdişi gücləndirmək və sonradan bloq yazmağın digər üstünlüklərindən faydala bilərdim. Yoxsa, durub-durub 27 yaşında dedim ki, bəs bloq açmağa əsl vaxtdır. Vacib deyil ki, nəyisə etmək üçün müəyyən yaşa çatasız. Edin, göstərin. Ancaq bir prinsipi unutmayın. Siz hamıdan ağıllı deyilsiniz!

6) DJ olardım – Bəli, bəli. O qədər maraqlı həvəslərim olub ki, onları boğub məhv etmişəm. Demirəm ki, belə dəhşətli peşmanam. Amma indinin özündə hansısa bir şənlikdə, tədbirdə olanda fikrim DJ-in musiqi zövqündə olur. Hansı mahnıdan sonra keçidi necə etdi, ümumiyyətcə bu pleylistə bu mahnı yaraşırmı, ya yox. Heyif ki, DJ-lik texnologiyasını sadəcə kompüter proqramları kifayətləndirdim. Elədiyim işləri də ictimaiyyətə çıxarmadım ki, belə bax belə işlərim, mikslərim olub. Yüzə yaxın disk arxivim və s. Amma gərək gedib bu işlə bir-iki sezon dəniz kənarında peşəkar məşğul olardım. Ya həvəsimi öldürəcəydim, ya da özümü orada tapacaqdım.

Qətiyyən yuxarıda dediklərimi özümə dərd etmirəm. Daxildən də belə bir özünəinam var ki, heş nə heç vaxt gec deyil. Amma dediklərim həm də reallıqdır. İndi hansısa zirvədə kimisə görəndə bilirsən ki, indiki ağlım 5-10 il qabaq olsaydı, orada mən olmalı idim. Amma yenə də həyat davam edir. Keçmişlə yaşamağı heç kimi arzulamıram. Həyatda hər şeyi yenidən başlamağa hazır olmaq lazımdır. Sonda bir daha Rafiq hocaya təşəkkür edirəm ki, özümüzün səhvlərimizi özümüzə xatırlatmağı bizə xatırlatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç