Kim deyir ki, biz xoşbəxt deyilik?!


Ilham Ali Yusif

Dünən və bu gün Azərbaycan marketinq icması Cinema Plus-da 4-cü Milli Marketinq Forumu üçün toplaşmışdı. Bu mənim ardıcıl iştirak etdiyim artıq 3-cü MMF oldu. Görülən hər bir işə hörmət öz yerində, amma fikrimcə bu forum daha maraqlı keçdi. Həm də ötən il biz nə qədər az bilirdiksə, bu il daha çox məlumatlıyıq ona görə də müqayisədə bu il öncəkilərindən məntiqlə də faydalı olmalı idi. Bu yazıda isti-isti forumun 4 kateqoriya insanlar üçün necə faydalı ola biləcəyini qısa təhlil etmək istərdim:

Biznes qurmaq istəyənlər üçün – Çıxış edən bloqqer və ya biznesmenlər konkret olaraq öz tarixçələrini danışdırdılar. Məsələn, özünə turizm şirkəti qurmaq istəyən insanın böhran zamanı və ya adi vaxtda hansı innovasiyaların tətbiqinin uğurlu olduğunu öyrənmək imkanı oldu. Bu o demək deyil ki, Turizm.Az-ın 5 il qabaq etdiyini indi edib uğurlu olmaq olar. Bu cür keyslər həm yaxşı nümunələrdir, həm də potensial biznesmenlər üçün Azərbaycanda çox çalışan və zəhmətsevər insanların real uğur edə bilməsinin mümkünlüyünü göstərir. İnanıram ki, bu forumlar gələcək üçün yeni biznes ideyalar formalaşdırır. Kim bilir, 4 il sonra hansısa spiker ‘öz biznesimi filan forumda iştirak edəndən sonra qurdum’ deyəcək.

Hazırda işsiz olanlar üçün – Forum əmək yarmarkası deyil. Bura əlbəttə ki, iş tapmaq məqsədilə gəlmək ağıllı fikir deyil. Amma burada əgər sizin kinoya həvəsiniz varsa, məsələn forumda öyrənmək oldu ki, Cinema Plus öz şəbəkəsini genişləndirir və onlarda yeni iş imkanları olacaq. Yaxud əmin olmaq oldu ki, brendlər konkret sosial-media büdcəsini artırır. Bu sahə üzrə biliklərinizi artıraraq fərqlənib bu istiqamət üzrə iş tapmaq imkanı daha çoxdur. Amma istənilən halda burada iş tapmaq üçün şəbəkələşmə imkanları əvəzsiz oldu.

Marketinq menecerlər üçün –Aydındır ki, buradakıların çoxu öz şirkətlərində marketinq və strateji araşdırma şöbələrində çalışanlar idi. Təəssüf ki, burada eşitdiklərimizin hamısını biz nə kitablardan, nə bloqlardan, nə də mediada oxuya bilmirik. Fəxri Ağayevi, Cəbrayıl Vəliyevi, İlkin Manafovu və digər dəyərli spikerləri hətta internetdən oxumaq olar, amma burada onların canlı konsultasiyaları daha effektiv idi. Chevrolet-in böhran addımlarını bilib onu başqa sahədə də tətbiq etmək 100 % fayda verəcək. Şəxsən mən özüm gələcək ideyalar üçün yeni əlaqələr də qura bildim. Həm də baxırsan kimisə tanıyırsan, amma heç başqa yerdə ağlına gəlmir ki, bu insanlarla yeni ideyaları gerçəkləşdirmək olar.

Müxtəlif sahələrdəki sahibkarlar üçün – Əlbəttə ki, forumdakı ‘Made in Azerbaijan’ keysi sahibkarlarda bəlkə müəyyən inamsızlıq formalaşdıra bilər ki, bizim mal və xidmətlərimiz hələ xaricdə heç kimə lazım deyil. Amma Neuron Technologies misalında da gördüyümüz kimi biz istəsək xaricə belə öz xidmətlərimizi satmaq mümkündür. Birinci daha çox intellektual xidmətlərə yönəlməliyik, ikincisi isə Azərbaycandaxili də bazarda uğurlu olmaq daha önəmlidir. Forumdakı marketinq menecer və onların təqdimatları timsalında rəqib şirkətlərin vəziyyətini duymaq olardı. Nar-ın təqdimatı tək rəqib kimi Bakcell və Azercell nümayəndələri üçün maraqlı olmamalıdır. Yaxud da, sahibkarlar buradan marketinqin funksiyası və marketinq menecerin hazırki dövrdə əsas öhdəliklərini geniş öyrənə bildilər.

Ötən ilki forumda mən də spikerlər arasında idim. Auditoriyanın əks tərəfində olmağı çox gözəl başa düşürəm. İnanmıram ki, hansısa spiker bu işə məsuliyyətsiz yanaşıb. Sadəcə bəziləri üçün konsept ola bilsin daha aydın olmayıb, yaxud da gördükləri iş çox olsa da bunu gözəl çatdıra bilmədilər. Ümumilikdə, spikerlərin əksəriyyəti maraqlı çıxış etdi. Düzdür spikerlərin arasında kitablarda və internetdə gördüklərimizdən də danışdılar, amma öz strategiyasını, milli keyslərini çatdıran spikerlər həm özlərini, həm də brendlərini bizlərin yadımızda daha yaxşı yerləşdirə bildilər. Sonuncu panelə ulduzların da cəlb edilməsi əla oldu. Çünki çox az iştirakçı nahardan sonra zalı tərk etdi. Sonuncu panel həm də nostalji hisslər oyatdı, razısız?

Sonda sizə bir lətifəni də mən danışım. Bir gün ayı düşür 2 nəfərin arxasıyca. Onlardan biri qaçır, qaçır və həmin an anası gəlir oğlunu oyadır ki, ‘Bala, dur! Artıq yeni dövrandır’. Böhran gec-tez bitəcək onsuz da, əsas odur ki biz özümüzü pozitiv aparaq və o yaşlı baba kimi xoşbəxt olaq. MMF2017-də görüşənədək!

PS Milli Marketinq Forumunun Facebook səhifəsini izləməklə forumun bütün panellərinin videolarını yaxın həftələrdə izləyə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç