Məhdudiyyətlərə gülən oğlan!

Murad Mammadov

Divanda oturub bu kanallar nə vaxt düzələcək, qarşı yola çıxıb bu adamlar nə vaxt normal maşın sürə biləcək , özünə bir CV hazırlamayıb iş olsaydı işləyərdik, əvvəl də xoşumuza gəlməyən kafeyə gedib bunlar da düzəlmədilər kimi şikayətlər deyir insanın xislətindədir. Hərdən insanlar elə primitiv məqamlarda şikayət edirlər ki, qalırsan mat-mətəəl. Əminəm ki, bu gün bloqumuzda uğur hekayəsi rubrikasinın qonağı belə şikayətçilərə bizdən də çox təəccüblənir. Mən onu 3 ildir ki, tanıyıram, bir çoxlarınız bəlkə daha uzun müddətdir ki, onun haqqında azdan-çoxdan bilirsiz. Bu insanın üzü həmişə gülür. Daima axtarışda və fəaliyyətdir. Bir neçə layihədə onunla birgə işləmək imkanımız olub. Xoşuma gələn xüsusiyyəti odur ki, müəyyən fiziki məhdudiyyətlərinə baxmayaraq, heç bir halda bunu iş prosesində hiss etdirmir və ən əsası bir daha deyirəm, üzü həmişə gülür 🙂 Fotodan tanımadınızsa bu oğlan Murad Məmmədovdur.

Bir insanın 5-dən 7-ə qalxması geniş miqyaslı uğur ola bilər. Əslində hər bir uğur böyük zəhmət tələb etsə də, mənim üçün 1-dən 5-ə qalxan insanın uğuru daha dəyərlidir. Çünki çoxumuz fundamental mərhələlərdə uğurla mübarizədə uduzub 5 nədir, 3-ə çata bilmirik. Əlbəttə bu rəqəmlərlə olan bölgü nisbidir. Amma əminliklə Muradı belə bir bölgü üzrə 1-dən başlayıb 5-dən yuxarı qalxan insan kimi təqdim etmək istərdim. Bu isə o qədər də asan olmayıb. Bu yazımızda kitab dili ilə desək qəhrəmanımızın keşməkeşli həyat yolundan müəyyən bir parçanı, onun gələcək planlarını və ən əsası iradə zəifliyi olan insanlara tövsiyyələrini təqdim edəcəyik. Sual-cavab formatlı bu yazını Muradın öncədən göndərdiyimiz suallara cavabları və qısa şərhlərimlə birgə təqdim edirəm: 

Maddi və fiziki məhdudiyyətlər bizə tək özümüzə inamı azaltmır, həm də imkanlarımızı azaldır. Özün-özünə nə qədər inamlı olsan da, əgər özünü reallaşdırmaq üçün imkanlar yoxdursa işin, daha doğrusu həyatın çətin olacaq. Murad imkansızlıqda özü-özünə imkanlar yaradıb. İndi o bu təcrübəni paylaşmaqda çox həvəslidir:  

  • Uşaqlıqda məni ən çox, gəzə bilməməyim və yaşıdlarımın məktəbə getdiyi bir zamanda mənim gedə bilməməyim üzür və həvəsdən salırdı. Bunun öhdəsindən həkimlərin heç vaxtı gəzə bilməyəcəksən deməklərinə baxmayaraq, onların dediklərini bir kənara atıb öz cəhdlərimi edərək gəzməyə başlamağımla və digər alternativ üsullarla özümü inkişaf etdirərək məktəbdə ala bilmədiyim təhsili kompensasiya edərək gəldim. Bu gün isə məni üzən insanların sevincli və uğurlu biri olmasının öz əlində olduğu halda, xırda məsələlər qarşısında üzülüb və özlərinin istədiyi bir həyat uğurunda mübarizə aparmamalarıdır. Bunun üçün isə bacardığım qədər insanlara sevincli olmağın və uğur qazanmağın üsulları haqqında bəhs edərək onlara motivasiya verməklə həll etməyə çalışıram. 

Muradı daha çox sosial mediadan tanıyırıq. İlk baxışdan düşünmək olar ki, Muradın yerində kim olsaydı internetsiz çətin özünə bu qədər inam qazana bilərdi. Ona görə də bu stereotipi qırmaq üçün Muradın internetsiz həyat haqqında da fikirlərini öyrənməyə çalışdım: 

  • Mənim uşaqlıq illərimdə ölkəmizdə internet anlayışı yeni-yeni formalaşmağa başlayırdı, yəni 10 nəfərdən 3-ü bu haqda bilər ya bilməzdi, yəni yox kimi bir şey idi. Lakin buna baxmayaraq elə o zamanlarda da mən yaşadığım məhlədə məhlə yoldaşlarımı başıma yığır, onlarla söhbət edir, fikirlərimi bölüşürdüm. Doğrudur bu gün internet mənim özümü reallaşdırmağıma və daha çox kütləyə xitab etməyimə əvəzsiz səbəbdir, lakin düşünürəm ki, bu gün də internet olmasaydı, mən mütləq ki bu daxili potensialı nümayiş etdirmək üçün alternativ üsullar istifadə edərdim. Məsələn hər hansısa bir dərnək və ya QHT qurmaqla və ya onsuzda indi olduğu kimi canlı çıxışlar etməklə. 

Çox insanın bu ölkədən baş götürüb getmək istəyinin Muradda olub-olmadığını soruşmaq qərarına gəldim. Çünki bizim ölkədə imkanlar sənin üzərinə hər deyəndə gülmür. Həm də insanlar uğursuzluğu ölkədəki psixoloji duruma da bağlayırlar. Murad isə bir qədər fərqli düşünür: 

  • Açığı bu gün gənclərin bir çoxu nədənsə xaricdə yaşamağa meyl edir, düşünürəm ki, əgər bu istək özünü inkişaf üçündürsə dəstəkləyirəm, lakin şəxsin bir sıra psixoloji gərginlikləri və ya mənəvi narahatçılıqları varsa, ölkədən gedib başqa ölkədə yaşamaqla bu problemini həll edə bilməyəcək. Çünkü insanın daxili narahatlığı olduqda Somalidən Amerikaya köçsə belə heçnə dəyişməyəcək və ya daxili rahatlığı mənəvi dincliyi olduqda dünyənin istənilən bir ölkəsi onun gözündə dünyanın ən gözəl güşəsi olacaq. Mən də arada düşünürəm ki xarici ölkədə yaşasaydım necə olardı. Açığı çox sərbəst biriyəm, istənilən zaman istədiyim yerdə gedib yaşaya bilərəm bunun üçün heç bir məhdudiyyətlərim yoxdur. Sadəcə düşünürəm ki, ilk növbədə ölkədə özümü tam olaraq doğrultduqdan sonra sırf özünü inkişaf üçün bir müddət hansısa bir ölkədə yaşaya bilərəm. Bir də İsveçrədəki gözəl təbiət və təmiz havadan çox eşitmişəm, dincəlmək üçün ora səyahət etmək istərdim.

Murad ötən il Bank of Baku tərəfindən keçirilən ‘Məhdudiyyətlərə Meydan Oxu’ layihəsinin iştirakçısı olub. Elə bu layihədən sonra da Bank of Baku-da Məlumat Mərkəzində operator kimi çalışır. Amma o bu işlə kifayətlənmir. Birincisi cəmiyyətə daha çox faydalı olmaq istəyir, ikincisi isə özü da başa düşür ki, insan əziyyət çəkərsə daha da uğurlu ola bilər. Cavabında özü daha ətraflı danışır:

  • Bankda Məlumat Mərkəzində çalışmaqdan əlavə təlim və seminarlar keçirəm, həmçinin bir neçə il sosial media meneceri kimi bir neçə şirkətdə çalışmışam. İndi həm tam ştatlı işləməyim, həm də digər planların SMM kimi işləməyimə imkan vermir. Həmçinin, deyirlər ki, bloqer olaraq gözəl məqalələr yazmağı bacarıram. (Murad gülür, belə ciddi sima alma, sən də gül J) Həmçinin, əlillik sahəsi üzrə ekspert olaraq formalaşmışam. Əlilliyi olan insanların bu günkü günümüzdə hər kəslə bərabər hüquqlu bir şəxs olaraq cəmiyyətin ayrılmaz bir parçası olmaları üçün nələrin gərəkdiyini çox gözəl bilirəm və bu sahədə müxtəlif fəaliyyətlər həyata keçirirəm.

Bəzən iradə və həvəs də imkansızlıqlara qalib gəlməyə imkan vermir. Yaxud da həyatı müsbətə dəyişəcək hər hansı bir şeyi vaxtında etməyə mane olur. Murad da İngilis dilini vaxtında öyrənə bilməməyə peşmandır. Amma fikir verin ki, bunu əlində bayraq etmir və inanır və çalışır ki, tezliklə bu dili də öyrənsin.

  • Məhz İngilis dilini vaxtında öyrənməməyə görə çox peşmanam. Qalan hər şeyi vaxtında və bəzən hətta vaxtından tez öyrənmişəm. Bir şeyi demək yerinə düşər ki, mən bu vaxta qədər demək olar hər şeyi tək etmişəm, maddi və mənəvi dəstəyim heç bir zaman olmayıb, ona görə də İngilis dili və ya başqa nələrisə vaxtında etmədiyimə görə özümü çox da qınamıram, çünkü mütləq nələrisə etməyəcəkdim, çünkü hər şeyi və vaxtında tək başına etmək bir qədər qəliz məsələdir. Amma ümid edirəm ki, bunu da yaxın zaman da həll edəcəm.

Əlbəttə ki, bu yazı Muradın həyatından çox xırda məqamları əhatə etdi. O qərəra gəlib ki, insanlara öz imkanlarına yenidən baxmağa imkan verəcək bir kitab yazsın. Mən özüm bu kitabı səbirsizliklə gözləyirəm. Kitabı müəllif qısa belə şərh etdi:

  • Hal-hazırda çap olunması üçün bəzi təşkilatı məsələlərin həllini gözlədiyi yeni kitabım çətinliklərə baxmayaraq uğur qazanmaq istəyən hər kəsə kömək olacaq. Xüsusən də gənclərə. Həmçinin kitabda sırf hər hansısa bir sahədə deyil, istənilən bir sahədə gərəkli olan əsas məsələlər haqqında bəhs edilir. Bəzən insanlar hər hansı bir xarici ölkələrdən məhdudiyyətli insanların uğur hekayələrini böyük həvəslə paylaşırlar. Mən deməzdim, bu konkret olaq mənim uğur hekayəm üzərindən yazılan bir kitabdır, amma real olaraq Azərbaycan şəraitində bir çox həvəssiz və iradəsiz insana həyatları haqqında daha fərqli düşünməyə imkan verəcək bir kitabdır. İnanıram ki, kitab böyük maraqla qarşılanacaq.

Muradın özü deməsəydi belə sosial mediadan da görmək olur ki, o macəralı bir həyat tərzinə üstünlük verir. Hərçənd ki, özü bunu plansız həyat adlandırır, daha dəqiq desək isə bu çərçivəsiz həyatdır. İstənilən halda növbəti illərdə o özünü daha dolğun və yaradıcı biri olaraq görmək istəyir. Sevgi oyunlarından yorulmuş Murad ailə də qurmağı planlaşdırır.

Əlbəttə ki, məhdudiyyətlər yeni imkanlar açmaq bir fürsətdir demək asandır. Əslində bu fürsətlərə çatmaq üçün gərək normal mühit də olsun. Amma bütün bu fonda iradənin gücü danılmazdır. Mən hamınıza gördüyünüz hər bir işdə və ümumilikdə bütün həyatınızboyu Murad kimi iradəli və pozitiv olmağı arzulayıram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç