Təhsil xidmətlərinin Facebook-da reklamı

10_Almost_Effortless_Ways_to_Boost_Facebook_Engagement-ls

Faktiki olaraq 6 ildir ki, aktiv şəkildə Facebook-da təhsil xidmətləri üzrə promo fəaliyyəti həyata keçirirəm. O vaxtlar hələ Facebook ölkəmizdə çox təzə idi və indi dəqiq xatırlamıram, amma GRBS-də iş yoldaşlarımızdan biri böyük brendlərin Facebook səhifəsi üzərindən təqdimat edib təcili bizim də sosial mediada səhifə açmağımızın vacibliyindən danışırdı. O vaxt bu vaxt indiyə qədər bu fəaliyyəti davam etdirirəm. Son 3 ildə British Council-dakı işimdə Britaniya universitetlərinin təbliği ilə bağlı keçirdiyimiz tədbirləri və bu tədbirlərlə bağlı fəaliyyətlərimizi sosial mediada təqdim etmək imkanım var. Öyrəndiyimiz xeyli dərslər olub. Məsələn, elə sonuncu promo postumuza 1300 layk gəlsə də, faktiki effekt, yəni əks əlaqə çox aşağı olub. Bəzən isə eyni məbləğə 500 layk olsa da daha çox nəticə əldə edirik.

Reklam və PR nə qədər brend qurmağa və onu möhkəmləndirməyə xidmət etsə də, hər ikisinin əsas məqsədi biznesi ayaqda tuta bilmək üçün satışa xidmət etməkdir. Əgər kurs açmısınızsa və bu kursa gələn sayı sizin reklam və PR fəaliyyətindən sonra artmırsa siz ən yaxşı halda özünüzə ‘brendi möhkəmləndiririk’ təsəllisini verəcəksiniz. Vacib deyil ki, Facebook-da bütün postlarınıza pul qoyulsun. Reklam edilsin. Uğurlu virus reklamı da yaratmaq olar. Maraqlı foto qoyub 400 layk da əldə etmək olar. İstənilən halda istərdim təhsil brendlərinin sosial media sükanının arxasında oturanlara, ümumiyyətcə təhsil biznesi ilə məşğul olanlara bu sahədə olan təcrübəmdən bir neçə tövsiyyəmi edim. İnanıraım ki, bu yazıdan digər sahələr üzrə də çalışan digər şəxslər də faydalana biləcəklər, ən azından seçdikləri təhsil brendindən ‘nəyi tələb etməli olduqları’ haqqında məlumatlı olacaqlar.

Konsepsiya ilə başlayacaqsan

Əlbəttə ki, hər şey peşəkar bir sosial media meneceri tutub ona 500 manat verməklə bitmir. Hər şeydən öncə sizin təqdim edə biləcəyiniz xidmət olmalıdır. Təhsil biznesində bu çox çətindir. Fərq etməz çeşidiniz genişdir, ya dar ixtisaslaşmısınız, əsas olan odur ki, müəllim və təlimçiləriniz peşəkar olsun. İşiniz gözəl təşkil olunsun. Bu imkan verəcək ki, sosial media üçün də uğurlu strategiya qurasınız. Müxtəlif təhsil şirkətlərinə fərdi tövsiyyə etdiyim 1 səhifəlik olsa da sosial media bələdçisi çox vacibdir. Bu gün ağlıma bu gəldi, bunu qoyumla iş düz getməyəcək. Sosial media meneceri, koordinatoru təmsil etdiyi şirkəti çox yaxşı tanıyıb, komandadan da məsləhətlər alıb və ən əsası xarici təhsil brendlərini izləyib ortaya faydalı bir iş qoymalıdır.

Faydalı olacaqsan

Əgər dırnaq boyası satan bir brend müxtəlif dırnaq boyaması üsullarını təqdim edirsə, təhsil brendi öz izləyicilərinə daha çox faydalı olmağa borcludur. Bunu öz səhifəsinə bağlı olan hansısa öyrədici brend yaradaraq da etmək olar. Məsələn, siz HR sahəsində peşəkar kurslar və təlimlər təqdim edirsinizsə ölkə və ya dünya səviyyəsində HR ilə bağlı yeniliklərə öz qısa şərhinizi yazıb paylaşa bilərsiniz. Yaxud da siz hansısa əlaqəli tədbirdə, məsələn HR forumunda partnyorsunuzsa, o zaman həmin forumdan maraqlı sitatları, şərhləri, qısa videoları öz səhifənizdə paylaşa bilərsiniz. Bizdə təhsil brendləri daha çox dil kursları İngilis dili ilə bağlı maraqlı və faydalı məlumatları paylaşırlar.

Müsabiqələr ilə baş qatmayacaqsan

Mən də reklamdan çox PR-a inananlardanam. Sosial media da sizin hekayənizin söyləniləcəyi yer olmalıdır. Müsabiqələr bu baxımdan çox yaxşıdır. Amma o qədər də effektik və vacib deyil. Düzdür, hər hansı bir təhsil brendinin öz Facebook səhifəsində müştərilərinin fotolarına layk dilənməsinə rast gəlməmişəm ki, deyib belə yaramaz. Ümumiyyətcə müsabiqələri hansısa kursa güzəşt, kitab hədiyyə etmək və bu kimi məqsədlər üçün etmək olar. Amma bunu turizm şirkəti kimi deyil, təhsil yaraşan adda etmək lazımdır. Daha intellektual, düşündürücü, faydalı bir formatda. Məsələn, onlayn test edib sonradan çox cavab verənlər arasında lotoreya keçirtmək olar. Sadəcə bu müsabiqələrdən daha məsləhətli auditoriyaya necə maraqlı olmaq haqqında düşünməkdir.

Yalan deməyəcəksən

1 aya İngilis dilini super öyrənəcəksən, 2 günə peşəkar menecer olacaqsan və bu kimi vədlər sonunda brendə olan inamı azaldır. Marketing Air təlimləri haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Elə bir fantastik reklamı yoxdur, sadəcə hekayələri var. Uğuru da hekayələrinin məhz öz məzunları tərəfindən qurulması ilə bağlıdır. Xaricdə təhsil şirkətlərimiz üçün də bu çox vacibdir. Əgər Avstraliyaya tələbə göndərirsənsə bunu hansısa formada çək və yay. Məsələn səhifəndə qabaqcadan elan et ki, filan vaxtı Avstraliyada oxuyan tələbəmizin burada təhsil və yaşayış ilə bağlı vebinarı olacaq. Əldə etdiyini, edə bildiyini göstərməyi bacaraqsan. Məsələn, biz hər hansı bir Britaniya universitetinin  azərbaycanılar üçün təqaüdü olduğundan dəqiq əmin olduqdan sonra bunu xüsusi olaraq öz postlarımızda qeyd edirik.

Qısa və konkret ol(may)acaqsan

Bəzən bu keçərlidir, bəzən deyil. Təhsil xidməti parfum və ya avtomobil satışı deyil ki, şəklini və qısaca qiymətini, güzəştini qoyub fərqlənəsən. Xüsusən də əgər Bakıda sizin xidməti təqdim edən onlarla, yüzlərlə rəqib varsa. Lazım deyil, yarım kilometr mətn olsun. Amma 3-4 cümlədə əlavə qeydlər etmək olar. Tutaq ki, siz ACCA kursları təqdim edirsinizsə, öz internet səhifənizdə və ya LinkedIn-də kursu aparacaq təlimçi haqqında olan məlumata keçid qoya bilərsiniz. Yaxud da İngilis dili kursları üçün olan postda siz danışıq klubu haqqında qısa məlumat təqdim edə bilərsiniz. Ümumiyyətcə əlavə məlumatları gözəl infoqrafiya ilə də etmək olar.

İnteqreyted olacaqsan

Axtarış versəniz bu inteqreyted sözünü bloqda ilk dəfə istifadə etdiyimi görəcəksiniz. Xalxın təhsil brendləri Twitter səhifələri açıb 100 000 post edib, biz isə Twitter bizdə işləmir deyib özümüzə haqq qazandırırıq. LinkedIn təhsil brendləri üçün Facebook-dan da effektiv bir yerdir, xüsusən də sizin xidmətləriniz peşəkar insanlar üçündürsə. Instagram da brendin inkişafı üçün əla platformadır. Bütün bunlar Facebook ilə birləşəndə daha gözəl nəticələr əldə etmək olur.

Biraz da diri oynayacaqsan

Facebook indi canlı yayım xidmətini təqdim edir. Hərçənd ki, bu yayım hələ təzədir və çoxu əlindəki telefonu əsdirə-əsdirə canlı yayım aparır, amma təhsil mərkəzlərinə öz kurslarından, təlimlərindən 10-15 dəqiqəlik canlı yayım etməklərinə əla imkandır. 2-3 ilin promo videosunu yaymaqla fərqlənmək çox çətindir. Təhsil xidmətlərinin alıcısı artıq 21-ci əsrdə dünyaya gələnlərdir. Növbəti 5 il ərzində faktiki olaraq əsas tələb onlardan olacaq. Onlar da sürətli və dinamik inkişaf dövründə böyüdüklərindən daha interaktiv və canlı təmas istəyirlər.

Ümumiyyətcə, indi sadəcə Facebook ilə fərqlənmək azdır. Burada yazdıqlarımız da ümumidir amma ümid edirəm ki, faydalıdır. Facebook internet səhifəsi olmadan belə brendin kommunikasiyası üçün əla platformadır. Baxmayaraq ki, son 2 il ərzində faktiki reklam burada 2 dəfə bahalaşıb, amma yenə də Facebook-da aktiv olmanız çox tövsiyyə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç